AQTA nümayəndələri elektron hökümətə dair beynəlxalq təlimdə iştirak edib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Çin Xalq Respublikasında keçirilmiş “İnkişaf etməkdə olan ölkələr üçün elektron hökümət və informasiya texnologiyalarının tətbiqi” mövzusunda təlimdə iştirak edib.

BBN.az xəbər verir ki, təlimdə Çin Xalq Respublikasında elektron hökümətin tətbiqi və onun nəticəsində əldə olunan nailiyyətlər, iqtisadiyyatın inkişafındakı rolu, hüquqi tənzimlənməsi, eləcə də yeni informasiya texnologiyalarının son nailiyyəti kimi bulud yaddaş sistemlərinin üstünlükləri və onun elektron hökumətin inkişafında tətbiqi mövzularında çoxsaylı məruzələr dinlənilib.

Müzakirələr zamanı ölkəmizdə son illərdə elektron hökumət və İKT sahəsində əldə edilmiş nailiyyətlər, “Elektron hökumət” portalı, o cümlədən göstərilən elektron xidmətlər və statistik göstəricilər barədə verilən məlumatlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Təlim çərçivəsində, həmçinin Çinin informasiya texnologiyaları sahəsində məşhur olan “İnspur” şirkətinin Cinan şəhərindəki sənaye parkına səfər təşkil edilib, həmin şirkətin məhsulları olan böyükhəcmli server avadanlıqları, bulud yaddaş sistemləri, izləmə qurğuları, özünəxidmət köşkləri və məlumatlandırma robotları nümayış etdirilərək onlar barədə geniş məlumat verilib.

Qeyd edək ki, tədbirdə 23 inkişaf etməkdə olan ölkələrdən 68 nümayəndə, o cümlədən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikasının Ədliyyə Nazilriyinin əməkdaşları da iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır