Şəmkir rayonunda Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) tətbiqi ilə bağlı maarifləndirmə işlərinə başlanılıb.
Şəmkir Dövlət Aqrar İnkişaf Mərkəzində fermerlərə informasiya-məsləhət xidməti göstərəcək könüllülərə təlimlər keçirilib. Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları tərəfindən keçirilən təlimlərdə könüllülərə sistemin funksiyaları, xidmət reqlamenti, məlumatların daxil edilmə ardıcıllığını izah olunub.
May ayının 10-na olan son məlumata görə, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində 181.169 fermer qeydiyyatdan keçib. Sabirabad rayonunda 11,789, Şəkidə 7278, Saatlıda 6739, Zaqatalada 6708, Biləsuvarda 6637, Cəlilabadda 6471 fermer yeni sistemdə özlərinə şəxsi kabinet yaradaraq, aqrar fəaliyyətlərinə dair məlumatları müvafiq bölmələrdə qeyd ediblər. Əksər rayonlarda fermerlərin EKTİS-də qeydiyyatdan keçmə göstəricisi 40 faizdən çoxdur.
Nazirlik tərəfindən növbəti həftələrdə digər rayonlarda da analoji maarifləndirmə işlərinin aparılması, fermerlərə səyyar informasiya-məsləhət xidmətlərinin göstərilməsi nəzərdə tutulur.