“Elektron məhkəmə” informasiya sisteminin tətbiqi və məhkəmə binalarının yeni standartları ilə bağlı tanışlıq turu keçirilib

Ədliyyə Nazirliyi “Elektron məhkəmə” İşçi Qrupu, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə birlikdə kütləvi informasiya vasitələri nümayəndələrini, “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi və məhkəmə binalarına dair yeni standartlarla tanış edib.

BBN.az xəbər verir ki, Azərbaycanda fiziki və hüquqi şəxslərin məhkəmələrə əlçatanlığını asanlaşdırmaq, sistem daxilində şəffaflığın artırılmasını təmin etmək, məhkəmə proseslərini sürətləndirmək, mülki işlərə baxan hakimlərin iş yükünün əhəmiyyətli dərəcədə azaltmaq üçün əhəmiyyətli işlər görülüb. Bütün bu proseslər məhkəmə sisteminin səmərəliliyinin artırılmasına xidmət edib.

Görülən işlər çərçivəsində yeni yaradılan 1,3 milyon əhaliyə xidmət göstərən Sabunçu Məhkəmə Kompleksi Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə 21 oktyabr 2015-ci il tarixində açılıb. Kompleksdə 2 saylı Bakı İqtisadi-İnzibati Məhkəməsi və Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi, habelə Sabunçu rayon İcra və probasiya şöbəsi fəaliyyət göstərir. Binada 21 hakim, 30 icra məmuru və 100-dən çox məhkəmə aparatı işçiləri üçün iş şəraiti qurulub.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Elektron məhkəmə” İşçi Qrupunun rəhbəri, hakim Ramin Qurbanov bildirib ki, Azərbaycanın məhkəmə sisteminin tarixində ilk dəfə olaraq məhkəmə binalarına dair mütərəqqi standartlar yaradılaraq bu kompleksdə tətbiq olunub. Həmin qaydalardan biri kimi – binadaxilindəki zonalaşdırılma prinsipi (inzibati və ictimai zonalar) göstərilə bilər və bu yanaşma nəticəsində hakimlərin məhsuldarlığı 15% artıb və onların vətəndaşlarla qeyri-prosessual münasibətləri məhdudlaşdırılıb. Bununla yanaşı, bir necə məhkəmə və ədliyyə qurumunun bir binada yerləşdirilməsi tikintiyə qoyulan sərmayələrin qənaətinə və sonradan bu binaların saxlanılmasına xərclənəcək vəsaitlərin azalmasına səbəb olub.

Yeni məhkəmə binalarında gözdən və ya fiziki cəhətdən əlil olan vətəndaşların sərbəst hərəkəti üçün bütün şərait yaradılıb, o cümlədən döşəmədə xüsusi örtük salınıb, ictimai zonada bütün otaqların adlarını əks etdirən lövhələrdə xüsusi yazılar həkk olunub. Müasir elektron məlumat daşıyıcıları vətəndaşlara məhkəmə prosesləri və onların keçiriləcəyi tarix, vaxt, məhkəmə zalı, hakim və digər məsələlərlə bağlı informasiyanı maneəsiz əldə etməyə imkan yaradır.

Məhkəmə kompleksində “Elektron məhkəmə”nin tətbiqi üçün bütün zəruri infrastruktur yaradılıb, məhkəmə zallarında proseslərin daha dəqiq və sürətlə protokollaşdırılmasına xidmət edən və audio-video yazıları aparan “AZ-Femida” sistemi, videokonfransların, təqdimatların keçirilməsi, elektron sənəd dövriyyəsi və məhkəmə işlərinin idarəetmə sistemi üçün qurğular quraşdırılıb, həbsdə olan təqsirləndirilən şəxslər üçün zalda beynəlxalq standartlara uyğun xüsusi ayrılan şüşə otaqlar qurulub, onların vəkillə birbaşa əlaqə saxlamaları üçün müvafiq vasitələr yaradılib, habelə məhkəmə zalında əcnəbi şəxslərin iştirakı ilə işlərə baxılan zaman tərcümə xidmətlərinin göstərilməsi üçün xüsusi yer ayrılıb.

Ədalət mühakiməsinin həyata keçirilməsində şəffaflığın, insan və vətəndaş hüquq və azadlıqlarının səmərəli müdafiəsinin təmin edilməsi məqsədilə Azərbaycan Prezidentinin 2014-cü il 13 fevral tarixli Sərəncamına əsasən “Elektron məhkəmə” informasiya sisteminin yaradılması üzrə qısa müddətdə irihəcmli işlər görülüb. Belə ki, məhkəmə sisteminin vahid veb portalı, proses iştirakçılarının “Şəxsi kabineti”, məhkəmə rüsumlarının elektron ödəmə sistemi və vahid reyestri, məhkəmə qərarlarının vahid bazası, hakimlərin elektron imzası, məhkəmə işlərinin elektron idarəetmə sistemi, məhkəmə qərarlarının elektron icra sistemi, məhkəmə işlərinin hakimlər arasında avtomatlaşdırılan qaydada bölgüsünə dair sistem, “Elektron əmr icraatı” sistemi yaradılaraq istifadəyə verilib.

Nəticə etibarilə 01 sentyabr 2017-ci il tarixindən bu günədək “Elektron əmr icraatı” sistemi vasitəsilə təkcə Sabunçu Rayon Məhkəməsinə elektron (kağızsız) qaydada müxtəlif banklar, kredit təşkilatları, mobil operatorlar və digər şəxslərdən “Elektron kabinet” vasitəsilə 4.000-nə yaxın e-iddia ərizəsi daxil olmuşdur. Bununla yanaşı, məhkəmə ilə icra qurumları arasında tamamilə kağızsız mübadilə təmin olunub.

Tanışlıq turu zamanı xüsusi vurğulanıb ki, Prezident İlham Əliyevin apardığı uğurlu iqtisadi islahatlar nəticəsində Dünya Bankının “Doing Business 2018” hesabatına əsasən Azərbaycan 2017-ci il ilə müqayisədə, 2018-ci ildə 8 pillə irəliləyərək 190 ölkə üzrə aparılan reytinq dəyərləndirməsində 57-ci yerə yüksəlib və Avropa, Mərkəzi Asiya regionunda ən islahatçı üç ölkədən biri kimi qiymətləndirilib. Son illər ərzində davamlı olaraq həyata keçirilən iqtisadi islahatlar, “Doing Business” hesabatına uyğun olaraq, “Müqavilələrin İcrası” indikatoru üzrə əhəmiyyətli dəyişikliklərin və mühüm irəliləyişlərin də əldə olunmasına yol açıb. Belə ki, qeyd olunan yeniliklərə əlavə olaraq, hazırda 61-dən çox hüquqi şəxs və sahibkar müqavilə öhdəliklərinin yerinə yetirilməməsindən irəli gələn mübahisələr üzrə ümumi yurisdiksiya məhkəmələrinə elektron qaydada müraciət edir ki, bu da  elektron idarəetmə sistemində tətbiq olunan məhkəmələrin icraatındakı mülki işlərin 50%-dən çox hissəsini təşkil edir. Həmçinin, artıq bütün inzibati-iqtisadi məhkəmələrin qərarların elektron portalda açıqlanması mexanizmi işə salınıb. Nəticədə, qeyd olunan bütün bu dəyişiklər “Doing Business 2019” reytinq qiymətləndirməsində “Müqavilələrin İcrası” indikatoru istiqamətində, “Məhkəmə proseslərinin keyfiyyəti” indeksi üzrə Azərbaycanın mövqeyinin daha da irəliləməsinə səbəb ola bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır