Xarici valyuta ödənişində “Visa” və “Mastercard”ın fərqi

Kredit kartı istifadəçilərinin kartların üzərində daim gördükləri Visa və Mastercard emblemləri dünyaca məşhur olan iki maliyyə qurumuna aiddir. Bir birindən fərqlənən bu iki şirkət kredit və debit kartlarını müəyyən komissiya ödənişləri qarşılığında banklara verirlər. Banklar da öz növbəsində müştərilərinə bu kartları təklif edir və Mastercard və Visa şirkətlərinə ödəniş edirlər.

Bəs Visa və Mastercard arasındakı fərqlər nədir və bu fərqlər bizə nə ifadə edir?

Mastercard və Visa fərqli qurumlardır və  dünya üzrə mövcud olan bazarın 70%-ni əhatə edirlər. Belə ki, həm Mastercard-ın, həm də Visa-nın keçərli olmadığı ATM-lərin sayı yox deyəcək qədər azdır. Hər iki şirkətin kartından 2 milyona yaxın ATM-də, 200 milyona yaxın iş yerində istifadə etmək mümkündür. Daima rəqabət halında olduqlarından hər hansı birinin keçərli olduğu ATM-də digərinin qəbul edilmədiyini görmək olduqca çətindir.

İki kart arasındakı ən vacib fərqlərdən biri kartlarla əməliyyatların hansı valyuta üzrə həyata keçirilməsidir. Belə ki, “Mastercard”da avro, “Visa”da isə dollar əsas valyuta hesab olunur. Məsələn, bir ölkənin milli valyutası digər valyutaya konvertasiya olunaraq ödənişlər həyata keçiriləcəksə, əvvəlcə milli valyuta kartın əsas hesab etdiyi valyutaya, daha sonra isə konvertasiya olunacaq valyuta çevrilir.

Bir misalla izah edək. Əgər Mastercard ilə manatın rubla konvertasiyasını həyata keçirmək istəyiriksə, öncə manat Mərkəzi Bankın günlük rəsmi məzənnəsi ilə avroya konvertasiya olunur, daha sonra isə bu məbləğ qlobal bazardakı anlıq avro/rubl nisbəti ilə rubla mübadilə olunur. Bu zaman manatın rubla konvertasiya edildiyi məzənnə Mərkəzi Bankın təyin etdiyi rəsmi məzənnədən fərqlənə bilər. Belə ki, əməliyyat günü ərzində rubl avroya nisbətən ucuzlaşmışdırsa daha çox, bahalaşmışdırsa daha az rubl əldə edəcəyik. Visada isə bu proses dollar üzrə baş verəcəkdir.

Əgər ödənişlərinizin rəsmi məzənnə ilə baş tutmasını istəyirsinizsə, avro ilə olan ödənişlərinizi “Mastercard”la, dollar ilə olanları isə “Visa” ilə həyata keçirməyiniz məsləhət görülür.

İstifadəçilər üçün önəm daşıyan digər bir fərq isə hər iki kartın müştərilərinə özəl müxtəlif kampaniyalar və imtiyazlar təklif etməsidir. Hər iki kartın aid olduğu firmalar bu kampaniyaları banklardan asılı olaraq yox, müstəqil formada həyata keçirirlər. Yəni, bu kampaniyalar kartı aldığınız bank tərəfindən deyil, şirkət tərəfindən təklif olunur.

İnformativ xarakterli araşdırmaları izləmək üçün səhifəmizi bəyənin. 

Bu yazının hazırlanmasında göstərdiyi dəstəyə görə Azərbaycan Banklar Assosiasiyasının “Ödəniş sistemləri və Alternativ Xidmət Kanalları üzrə” Ekspert Qrupunun üzvü Rəhman Əliyevə redaksiya adından təşəkkür edirik.

Tahirə Həşimova

Həmçinin bax:

Online alış-verişdə ən sərfəli banklar – RENKİNG

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır