Peşə hazırlığına cəlb olunmaq üçün elektron qaydada müraciət sistemi tətbiq ediləcək.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əhalinin məşğulluğu sahəsində siyasətin və icra mexanizmlərinin təkmilləşdirilməsi, özünüməşğulluq proqramının səmərəliliyinin artırılması üzrə təkliflərin hazırlanması üçün yaradılmış İşçi qrupunun ilk iclası keçirilib.
BBN.az xəbər verir ki, İşçi qrupunun rəhbəri, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli İşçi qrupu tərəfindən konkret istiqamətlər üzrə görüləcək işlərdən bəhs edib, məşğulluq xidmətləri sferasında şəffaflığın və xidmətlərin çevik təşkilinin təmin olunması üçün əsasən bu xidmətlərin elektron müstəvidə qurulması məsələsinə toxunub.
Nazir müavini bildirib ki, işsizlikdən sığorta ödənişinin verilməsi prosedurunun da elektron qaydada təşkili imkanları nəzərdən keçirilməlidir. Bu, qeyd olunan ödəniş növünün təyinatı və ödənilməsi prosesinin tam şəffaflaşmasına və xeyli sadələşdirilməsinə səbəb ola bilər.
Nazir müavini həmçinin işsiz və işaxtaranların məşğulluq orqanları tərəfindən peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunması sahəsində işlərin keyfiyyətinin və səmərəliliyinin artırılması, eləcə də, bu kursların keçirilməsi və nəticələri barədə hesabatlılığın təmin olunması üçün İşçi qrupu tərəfindən görüləcək işləri qeyd edib. M.Kərimli, eyni zamanda, peşə hazırlığına cəlb olunmaq üçün elektron qaydada müraciət sisteminin tətbiq edilməsinin məqsədəuyğun ola biləcəyini vurğulayıb.
İclasda özünüməşğulluq proqramının ünvanlı sosial yardım proqramı ilə əlaqəli icrası və ünvanlı sosial yardımı alan aztəminatlı ailələrin əmək qabiliyyətli üzvlərinin özünüməşğulluq proqramına cəlb olunması sahəsində tədbirlərin səmərəli təşkili, proqramın ünvanlılığının qiymətləndirilməsi üzrə monitorinq sisteminin, Məşğulluq Mərkəzlərinin fəaliyyətinin qiymətləndirilməsi mexanizminin formalaşdırılması və s. istiqamətlərdə görüləcək işlər müzakirə olunub. İşçi qrupunun üzvlərinə konkret tapşırıqlar verilib.