“Elektron xidmətlərə müraciət sayı 60 mln.-u ötüb”

“Elektron xidmətlərin cəmləşdiyi vahid platforma olan  “Elektron hökumət” portalı vasitəsilə hazırda, ümumilikdə,  89 qurum tərəfindən vətəndaşlara 440 sayda elektron xidmət göstərilir. Bu say, təbii ki, daimi olaraq artırılır. Portalın daimi istifadəçilərinin sayı 700 000-dir. Ümumilikdə elektron xidmətlərə müraciət sayı isə  60 000 000-u ötüb. Bilirsiniz ki, elektron mühitin inkişafı üçün vacib infrastrukturlardan biri də elektron imzadır”.

Bu sözləri Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Amerika Ticarət Palatasının təşkil etdiyi işgüzar naharda deyib.

Həmçinin Ramin Quluzadə bildirib ki, 2019-cu ildə yeni nəsil şəxsiyyət vəsiqələrinin vətəndaşlara verilməsi nəzərdə tutulur ki, bu şəxsiyyət vəsiqələrində e-imza sertifikatlarının yerləşdirilməsi təmin ediləcək. Hesab edirəm ki, şəxsiyyət vəsiqələrində e-imzanın tətbiqi elektron xidmətlərin və mühitin inkişafına çox müsbət təsir edəcək. “Elektron imza” sertifikatlarının ölkələr arasında qarşılıqlı tanınması ilə bağlı ardıcıl işlər aparılır və  inanırıq ki, bu, iş adamları üçün yeni imkanlar açacaq.

“Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının 2017-ci il üçün İKT-nin İnkişaf İndeksi üzrə hesabatında dünya ölkələri arasında 65-ci yeri tutur. İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlər arasında isə  2-ci yerdədir. Nəzərinizə çatdırım ki, Azərbaycan əhalisinin təqribən 80 faizi internet istifadəçisidir və ölkəmizdə mobil rabitə abunəçilərinin sayı əhalinin 106 faizini təşkil edir”-, deyə nazir qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır