Açıq Hökumətin Təşviqinə Dair Hökumət Vətəndaş Cəmiyyəti Dialoqu Platforması çərçivəsində 2 oktyabr tarixində “Daşınmaz əmlakın qeydiyyatında şəffaflıq, əlçatanlıq və innovasiyalar” mövzusunda ictimai dialoq keçirilib. Vətəndaş cəmiyyəti institutlarının təşkil etdiyi tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsinin daşınmaz əmlakın qeydiyyatı sahəsində həyata keçirdiyi yeniliklər diqqət mərkəzində olub. İctimai dialoqda 30-dan çox ictimai birliklərin nümayəndələri, aidiyyəti dövlət qurumlarının nümayəndələri, xarici və beynəlxalq təşkilatların üzvləri, o cümlədən GİZ-in, Asiya İnkişaf Bankının, Azərbaycanda Amerika Ticarət Palatasının nümayəndələri, ekspertlər iştirak ediblər.
Tədbirin əsas məqsədlərindən biri vətəndaş cəmiyyəti institutları ilə dövlət qurumları arasında qarşılıqlı əlaqələrin qurulması, fəaliyyətlərlə bağlı ictimai müzakirənin aparılması, o cümlədən daşınmaz əmlak sahəsi ilə əlaqədar həmin institutların, aparıcı alim və mütəxəssislərin tövsiyələrinin toplanması və birgə ideya bankının yaradılmasıdır. Dialoqda açıq cəmiyyət institutlarının Əmlak Məsələləri Dövlət Komitəsi ilə əməkdaşlıq prinsiplərinin müəyyən olunması, ictimai təşkilatlar vasitəsilə vətəndaşlar arasında təbliğat işlərinin həyata keçirilməsi, o cümlədən fəaliyyətdə agahlıq prinsipinin təmin olunması, vətəndaş maraqlarına yönələn xidmətlərin istifadəsi məsələləri müzakirə edilib.
İctimai dialoqda çıxış edən Azərbaycan Açıq Hökumət Platformasının koordinatoru, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Əliməmməd Nuriyev vətəndaş cəmiyyəti institutlarının dövlət qurumlarının fəaliyyətində iştirakının təmin edilməsinin əhəmiyyətli olduğunu vurğulayıb. Bildirib ki, tədbirdə vətəndaşların daha çox maraq göstərdiyi daşınmaz əmlakın qeydiyyatı sahəsi, bu sferada tətbiq edilən yeniliklər ictimai təşkilatların müzakirə obyektidir. Təqdirə layiqdir ki, Əmlak Məsələləri Dövlət Komitəsi bu sahədə vətəndaş məmnunluğunun təmin edilməsi, əlçatanlığın artırılması istiqamətində yeni metodlar tətbiq edir, müasir dövrün tələblərinə uyğun idarəetməni həyata keçirir. Müsbət haldır ki, artıq xidməti vətəndaşın ünvanına çatdıran sosial layihələr reallaşdırılır, komitə geniş elektronlaşdırmaya yer verir. Çıxarışların elektron formata keçirilməsi, qeydiyyat sənədlərinin verilmə müddətlərinin azaldılması, vətəndaşlar üçün yaradılan rahat şəraitdən xəbər verir. Görülən işlər haqqında yaxından tanış olmaq, ətraflı informasiya almaq Qeyri Hökumət Təşkilatlarını olduqca maraqlandırır.
Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov isə qeyd edib ki, mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətində vətəndaş cəmiyyəti institutlarının müəyyən edilmiş formada iştirakı, ictimai məsləhətləşmələr və ictimai rəyin nəzərə alınması mühüm əhəmiyyət kəsb edir. Tədbir daşınmaz əmlakın qeydiyyatında vətəndaş məmnunluğunun təmin edilməsi, bu sahədə şəffaf mühitin yaradılması və innovativ üsulların tətbiqində informasiya cəmiyyətinin geniş şəkildə məlumatlandırılması, habelə qeyri-hökumət təşkilatlarının cəmiyyətin inkişafı üçün əhəmiyyət kəsb edən məsələlərin həllinə cəlb olunması baxımından vacib xarakter daşıyır. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə digər sahələrlə yanaşı əmlak idarəçiliyi sahəsində də genişmiqyaslı işlər həyata keçirilir, qeydiyyatın sadələşdirilməsi, əlçatanlığın təmin edilməsi üçün qanunvericilikdə bir sıra dəyişikliklər edilib. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən daşınmaz əmlakın qeydiyyatı prosedurlarının azaldılması, çevikliyin təmin edilməsi üçün elektronlaşma prosesini həyata keçirir, innovativ və sosial layihələr reallaşdırılır.
Görülən işlərin nəticəsidir ki, Azərbaycan “Doing Business 2018” hesabatında əmlakın qeydiyyatı göstəricisinə görə son iki il ərzində bir sıra Avropa ölkələrini qabaqlayaraq ön sıralarda qərarlaşıb.
Daha sonra “Daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması sahəsində qanunvericiliyin təkmilləşdirilməsi”, “Daşınmaz əmlakın qeydiyyatında elektron xidmətlər, innovasiyalar və vətəndaş məmnunluğu” mövzularında ictimai təqdimatlar olub.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun təkmilləşdirilməsi qeydiyyat üçün əsas olan sənədlərin siyahısının genişləndirilməsi, müddətlərin və prosedurların azaldılmasını əhatə edir. Dəyişikliklər sırasında fərdi yaşayış evlərinin qeydiyyatının sadələşdirilməsi, əvvəllər qeydiyyat üçün əsas hesab edilməyən aktların, qərarların hüquqi qüvvəyə minməsi bu sahədə dinamikliyi artırıb.
Komitə tərəfindən istifadəyə verilən 39 elektron xidmətin 26-sı daşınmaz əmlakın qeydiyyatı sahəsinə aiddir. Ümumilikdə komitənin elektron xidmətlərindən 804 minə yaxın istifadə olunub.
Ölkədə ilk dəfə olaraq mülkiyyət üzrə çıxarışlar elektron formada verilir. Bununla da çıxarışların alınması prosedurları tam olaraq elektronlaşdırılıb. Belə ki, 3 prosedur 1 addımda həyata keçirilir. Hazırda 8 minə yaxın elektron çıxarış sahibi var.
Qeydiyyat məkanında çıxarışların verilmə müddətinin 1 iş gününə kimi azaldılması da bu sahədə dinamikliyi artırıb.
Vətəndaşa yönəlik növbəti bir addım isə Əmlakın Qeydiyyatı Kalkulyatorunun istifadəyə verilməsidir. Bundan başqa çoxmərtəbəli yaşayış binasında mənzillərə çıxarış verilib-verilməyəcəyini əvvəlcədən elektron qaydada dəqiqləşdirmək mümkündür.
Vətəndaş cəmiyyətinin işini sadələşdirən və xidməti bilavasitə ünvanlara çatdıran sosial layihələr “Kütləvi Çıxarış” və “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol!” kampaniyası geniş kütləni əhatə etməkdədir. Komitədə vətəndaş məmnunluğunu öyrənməyə imkan verən əks zəng sistemi də yaradılıb.
Artıq daşınmaz əmlakla bağlı xidmətlərin vahid məkanda reallaşdırılması məqsədilə yaxın zamanlarda Əmlak Xidmətləri Məkanı da istifadəyə veriləcək.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, həmin mövzuların ətrafında müzakirələr aparılıb, belə tədbirlərin keçirilməsi müsbət qiymətləndirilib. Bir sıra qeyri hökumət təşkilatlarının nümayəndələri daşınmaz əmlakın qeydiyyatı sahəsində yaradılan elektronlaşmanı yüksək dəyərləndirilib. Tədbirin digər iştirakçılarından olan iqtisadçı ekspertlər qeyd edib ki, qeydiyyat işinin sadələşdirilməsi, prosedurların azaldılması daşınmaz əmlak bazarında leqal mülkiyyətin sayını artıracaq. Hüquqi bazanın təkmil olduğunu deyən beynəlxalq təşkilatların nümayəndələri isə bildiriblər ki, qanunvericilik dövlət və vətəndaş maraqlarına uyğunlaşdırılıb.