Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən daha bir sosial layihə keçirib

Əmlak Məsələləri Dövlət Komitəsi daha bir sosial layihəyə imza atıb. Komitə öz fəaliyyət sferasına aid xidmətlərlə bağlı 8 Mart Qadınlar günü münasibəti ilə xüsusi qayğıya ehtiyacı olan xanımları, o cümlədən şəhid ailələrini, ahılları, Qarabağ müharibəsi əlillərinin həyat yoldaşlarını, fiziki məhdudiyyətli qadınları, tənha anaları fərqli üsulla təbrik edib.

Belə ki, Beynəlxalq Qadınlar Günü münasibətilə martın 7-də xanımlar üçün birbaşa ünvanlarda qeydiyyat xidməti ilə bağlı aksiya keçirilib. Bu kampaniya çərçivəsində şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinin həyat yoldaşlarına, o cümlədən fiziki məhdudiyyətli qadınlara birbaşa olaraq yaşadıqları ünvanlarda qeydiyyat xidmətləri göstərilib. Komitənin əməkdaşları xüsusi nəqliyyat vasitələri ilə paytaxtla yanaşı, respublikanın bir neçə rayonlarına, o cümlədən qəsəbələrə, ucqar kənd yerlərinə gedərək, yaşlı qadınlara, tənha analara evlərindəcə əmlaklarına dair hazır çıxarışlar təqdim ediblər. Paytaxt üzrə çıxarış alan xanımlar arasında hətta ahıl, 80 yaşdan yuxarı olan qadınlar da olub. Eyni zamanda cəbhə bölgəsində yerləşən rayon sakinləri olan xanımlara birbaşa olaraq ünvanlarında qeydiyyat xidmətləri göstərilib. Verilən çıxarışlar əsasən mənzilləri, fərdi yaşayış evlərini, pay torpaqlarını, həyətyanı torpaqları əhatə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır