Energetika Nazirliyində ATƏT PA yanında İtaliya nümayəndə heyətinin sədri, İtaliya Deputatlar Palatasında Xarici Əlaqələr Komissiyasının sədr müavini Paolo Qrimoldininin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Energetika naziri Pərviz Şahbazov iki ölkə arasında çoxşaxəli əməkdaşlıq əlaqələrində enerji sektorunda əməkdaşlığın mühüm rolunu qeyd edib. Bildirilib ki, indiyə kimi Azərbaycan neftinin əsas alıcılarından biri olan İtaliyaya Cənub Qaz Dəhlizi vasitəsilə həm də qaz ixrac ediləcək. TAP layihəsinin icra vəziyyətinin qənaətbəxş səviyyədə olduğu və bu kəmərin reallaşmasında İtaliya hökumətinin mövqeyi yüksək qiymətləndirilib. Nazir deyib ki, TAP kəməri ilə İtaliyaya təkcə yeni mənbədən qaz daxil olmayacaq, həm də təbii qazın istehlakçılar üçün münasib qiyməti formalaşacaq, dekarbonizasiya hədəfinə töhfə veriləcək.
Paolo Qrimoldini TAP kəmərini hər iki ölkənin maraqlarına cavab verən layihə kimi qiymətləndirib. Onun sözlərinə görə, TAP təkcə iqtisadi deyil, həm də siyasi əalqələrin inkişafını təmin edəcəkdir. “İtaliya Azərbaycanda enerji və texnologiya sahələrinə investisiya yatırmaqda, bu istiqamətlərdə əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır”, deyə ATƏT PA yanında İtaliya nümayəndə heyətinin sədri əlavə edib.
Söhbət zamanı İtaliya şirkətlərinin digər sahələrdə də fəaliyyətinə toxunulub, Hökumətlərarası Komissiya çərçivəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi parılıb.