Energetika Naziri ilə Kosta Rikanın xarici işlər və etiqad naziri görüşüb

Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev Kosta Rikanın xarici işlər və etiqad naziri Manuel Qonsales Sansın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı, xüsusilə enerji sahəsində əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparılıb. Latın Amerikası dövlətləri ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verildiyini bildirən energetika naziri Natiq Əliyev enerji ölkəsi kimi Azərbaycanın böyük tarixə və neft-qaz sənayesi sahəsində zəngin təcrübəyə malik olduğunu diqqətə çatdırıb.

Nazir bildirib ki, hazırda bütün neft ölkələrinin gəlirlərinə təsir göstərən neqativ qlobal tendensiyalara rəğmən, Azərbaycan iqtisadiyyatının, xüsusilə də qeyri-neft sektorunun inkişaf göstəriciləri qənaətbəxşdir.

Kosta Rikanın xarici işlər və etiqad naziri Manuel Qonsales Sans isə Kosta-Rika iqtisadiyyatının turizm, kənd təsərrüfatı və elektrik avadanlıqlarının istehsalı və ixracı üzərində qərarlaşdığını deyərək, ölkəsinin xarici sərmayədarlar üşün əlverişli siyasi sabitliyə malik olduğunu bildirib. Nazir iki ölkə arasında müxtəlif sahələrdə, xüsusilə enerji sektorunda əlaqələrin inkişaf etdirilməsi üçün mövcud imkanlardan istifadə etmək məqsədilə qarşılıqlı görüşlərin, səfərlərin təşkilini vacib sayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır