Energetika naziri XXII Avrasiya İqtisadi Zirvəsində iştirak edəcək

Fevralın 6-7-də İstanbulda XXII Avrasiya İqtisadi Zirvəsi keçiriləcək. Zirvədə Azərbaycan nümayəndə heyətinin tərkibində energetika naziri Pərviz Şahbazov da iştirak edəcək. Energetika nazirinin “Azərbaycanın enerji potensialı və rəqəmsal enerji” mövzusunda çıxışı nəzərdə tutulub.

Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə baş tutacaq toplantıda 40-a yaxın ölkənin yüksək səviyyəli hökumət nümayəndələri, sabiq prezidentlər, nazirlər, parlamentarilər, beynəlxalq təşkilatların təmsilçiləri, ictimai-siyasi xadimlər iştirak edəcək. Builki sammit “Gələcək üçün məsuliyyət” devizi altında keçiriləcək. Texnologiyanın inkişafının bəşəriyyətin gələcəyinə təsiri, iqtisadiyyatda, enerji sektorunda süni intellektdən istifadə, dinlərin bu prosesdə rolu, “Kəmər-Yol” təşəbbüsünün qlobal aspektlərinə dair müzakirələr aparılacaq.

17 ölkə ilə yüksək əməkdaşlıq şəraitində fəaliyyət göstərən Mərmərə Qrupu Vəqfi 22 ildir ki, Avrasiya İqtisadi Zirvəsini sülh və dialoq layihəsi olaraq həyata keçirir. Bu toplantılar aktual problemlərin müzakirə edildiyi mühüm platforma olmaqla bərabər regionun inkişafına və əməkdaşlıq əlaqələrinin genişlənməsinə töhfə verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır