Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Türkiyə Respublikasının “Tekfen İnşaat” şirkəti arasında alternativ və bərpa olunan enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Sənədi Azərbaycan tərəfindən energetika nazirinin müavini Samir Vəliyev, Türkiyə tərəfindən isə “Tekfen İnşaat” şirkətinin prezidenti Levent Kafkaslı imzalayıb. Memorandum ölkəmizdə bərpa olunan enerji sahəsində qarşılıqlı maraq kəsb edən layihələrin müəyyənləşdirilməsi üçün birgə İşçi Qrupunun yaradılması, seçilmiş layihələrin icrası ilə bağlı İşçi Qrupunun fəaliyyət istiqamətləri, bu sahədə tədqiqatlar aparılması və tərəflərin öhdəlikləri kimi məsələləri nəzərdə tutur.
Qeyd edək ki, dünyanın 20-dək ölkəsində 350-dən çox layihə həyata keçirmiş “Tekfen İnşaat” şirkəti Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir. Şirkət indiyə kimi Azərbaycanın neft-qaz sektorunun bir sıra mühüm layihələrinin həyata keçirilməsində uğurla təmsil olunub.