2018-ci ilin I yarısı üzrə Energetika Nazirliyində 868 müraciətə baxılıb

Cari ilin yanvar-iyun ayları ərzində Azərbaycan Respublikasının Energetika Nazirliyinə və nazirliyin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinə istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik enerjisi və təbii qazla təchizatı ilə bağlı 868 ərizə və müraciət daxil olub.

BBN.az xəbər verir ki, bunlardan 149 müraciət “Qaynar xətt” (“Elektron müraciət”), 657 müraciət isə poçt vasitəsilə qəbul edilib.

Nazirliyin telefon nömrələrinə 37, teleqramla isə 25 şəxs müraciət edib. Vətəndaşlar tərəfindən edilən müraciətlərin 40,2 faizi elektrik enerjisi təchizatı ilə əlaqədar məsələləri əhatə edib. Belə ki, 349 müraciətdən 61-i elektrik sayğaclarının quraşdırılması və ödənişlərin hesablanmasında borcun yaranması, 64-ü enerji təchizatı şəbəkəsinə qoşulmaya görə texniki şərtlərin verilməsi, 224-ü isə elektrik enerjisinin verilişi ilə bağlı olub. 2018-ci ilin 6 ayı üzrə nazirlikdə qaz təchizatı ilə bağlı 283 müraciət qeydə alınıb.

Bunlardan 37-i qaz xəttinə qoşulma, 71-i sayğaclarının quraşdırılması və izafi borcun yaranması, 175-i isə təbi qazın verilişinə dair olub. Digər məzmunlu məsələlərlə bağlı isə 236 vətəndaş müraciət edib.

İstehlakçılar tərəfindən nazirliyə daxil olan bütün müraciətlər müəyyən olunmuş qaydada nazirlik tərəfindən araşdırılıb, mahiyyəti üzrə təhlil edilərək müvafiq tədbirlər görülməsi üçün aidiyyəti qurumlara göndərilib və icra olunub. 31 müraciət icraya nəzarət çərçivəsində nazirliyin nümayəndələrinin iştirakı ilə yerində yoxlanılıb və cavablandırılıb. Bütün ərizə və müraciətlər “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa, elektrik enerjisindən və qazdan istifadə qaydalarına, elektroenergetika və qaz təchizatı haqqında mövcud qanunvericiliyə uyğun olaraq icra edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır