Energetika Nazirliyində Strateji Yol Xəritəsinin icrası prosesinin 2017-ci il üzrə yekunları müzakirə edilib

Energetika Nazirliyinin əlaqələndiricisi olduğu “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair” Strateji Yol Xəritəsinin icrası məqsədilə nazirlikdə yaradılan İşçi Qrupunun növbəti iclası keçirilib.

İclasda Yol xəritəsi üzrə 2017-ci il ərzində tamamlanması nəzərdə tutulmuş tədbirlərin icrası vəziyyəti müzakirə edilib. Bildirilib ki, Strateji Yol Xəritəsində 2017-ci ildə yekunlaşdırılması nəzərdə tutulan ümumilikdə 18 tədbirin 8-də Energetika Nazirliyi əsas icraçı qismində çıxış edir. Aidiyyəti qurumlarla birgə elektrik enerjisinə olan ölkədaxili ehtiyacın proqnozlaşdırılması, eləcə də alternativ və bərpa olunan enerji potensialının qiymətləndirilməsi prosesi artıq başa çatdırılıb. Enerji mənbələri üzrə prioritetlərin müəyyən edilməsi üçün texniki-iqtisadi əsaslandırmalar da hazırlanıb.

İclasda həmçinin digər icraçı orqanlar tərəfindən 2017-ci ildə tamamlanması nəzərdə tutulan 10 tədbirin icra vəziyyəti də nəzərdən keçirilib. Görülmüş işlər təhlil edilib. Bu tədbirlərin başa çatdırılmasına dair yekun məlumatlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır