Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu Enerji Məsələlərini Tənzimləmə Agentliyinin təşkili və Dövlət Enerji Nəzarəti İdarəsi və Dövlət Qaz Nəzarəti İdarəsi, habelə onların yerli bölmələrinin ləğvi ilə əlaqədar Energetika Nazirliyində Təhvil-təslim komissiyası yaradılıb.
BBN.az-ın məlumatına əsasən, komissiyanın yaradılmasının məqsədi kommunal xidmətlərin bazar iqtisadiyyatının tələblərinə uyğunlaşdırılması, nəzarət mexanizmlərini daha da təkmilləşdirməklə bu sahənin davamlı inkişafı, enerji təchizatında şəffaflığı və çevikliyi, xidmətlərin sahibkarlar üçün əlçatanlığının təmin edilməsidir.
“Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin yaradılması haqqında” ölkə Prezidentinin 22 dekabr 2017-ci il tarixli 1750 nömrəli Fərmanının müvafiq bəndinə uyğun olaraq, Agentlik Vergilər Nazirliyində dövlət qeydiyyatından keçirilib və ləğvetmə prosesinə başlanıb.
Qeyd edək ki, Agentliyin strukturu və işçilərin say həddi təsdiq olunana qədər ləğv edilmiş idarələrin əməkdaşlarının öz funksiyalarını qanunvericiliyə və vəzifə təlimatlarına uyğun olaraq yerinə yetirmələri nəzərdə tutulub.