Enerji Məsələlərinin Tənzimlənməsi üzrə İşçi Qrupunun növbəti iclası keçirilib. Azərbaycan Respublikası Energetika Nazirliyi, Enerji Məsələlərini Tənzimləmə Agentliyi, “Azərenerji” ASC, “Azərişıq” ASC, “Azəriqaz” İB və “Azəristiliktəchizat” ASC-nin nümayəndələrindən ibarət İşçi Qrupunun üçüncü görüşü çərçivəsində enerji sektorunda tənzimləmə funksiyası, tarif tənzimlənməsi, gəlirlər və subsidiyalar, icazələr və lisenziyaların verilməsinə dair qanunvericiliyin tələbləri, həmçinin bazara nəzarət haqqında müxtəlif təqdimatlar dinlənilib.
Görüş zamanı əcnəbi ekspertlər tərəfindən təqdim edilən “İstehlakçıların hüquqlarının qorunması və münaqişələrin həll olunması” təcrübəsi öyrənilib. “Enerji və kommunal xidmətlərin tənzimlənməsi üzrə” Qanun layihəsinin aktiv müzakirəsinə qatılan iştirakçılar bu sahəyə dair fikir və mülahizələrini bölüşüblər. Görüş iştirakçıları tarifin müəyyən edilməsi üzrə interaktiv çalışmaya qatılaraq istismar və texniki xidmət, yanacaq xətti, habelə kapital xərclərinə dair fərqli tapşırıqları yerinə yetirməklə dəyərləndirmələr apaıb, müvafiq təhlillər ediblər.