Azərbaycanda enerjinin gələcəyi mövzusunda tədbir keçirilib

Bakıda Alman-Azərbaycan Xarici Ticarət Palatasının təşkilatçılığı ilə tədbir keçirilib.

BBN.az xəbər verir ki, Energetika naziri Pərviz Şahbazov “Azərbaycanda enerjinin gələcəyi” mövzusunda çıxış edib. Nazir çıxışında müasir dövrdə dayanıqlı inkişafın göstəricilərindən biri kimi enerjinin rolunun gücləndiyini və buna görə də enerjiyə etibarlı mənbə və marşrutlarla çıxışın dövlətlərin enerji siyasətinin əsas məqsədlərdən olduğunu vurğulayıb.

“Bu gün neft ölkələri üçün başlıca prioritetlərdən biri neft-kimya məhsullarının istehsalı və bu məhsulların ixrac potensialının genişləndirilməsidir. Azərbaycanda da daha yüksək gəlirli neft və qaz məhsullarının istehsalı və ixracı bizim strateji hədəflərimizdəndir,” deyə energetika naziri bildirib.

Bundan başqa Azərbaycanın qaz ölkəsi və mühüm qaz ixracatçısı kimi mövqeyini möhkəmləndirən “Cənub Qaz Dəhlizi”nin əhəmiyyətindən, onun böyük bir coğrafiyaya genişlənmə perspektivindən və digər qaz yataqlarının işlənməsinə yol açmasından, son zamanlar elektroenergetika sektorunda aparılan islahatlardan, bərpa olunan enerji mənbələri və enerji səmərəliliyi ilə bağlı görülən işlər barədə də ətraflı məlumat verilib.

Sonra “Uniper Global Commodities SE” şirkətinin Xəzər regionu üzrə baş vitse-prezidenti Mixael Hilmer təqdimatla çıxış edib. O, şirkətin müxtəlif qurumlarla qurduğu əməkdaşlıq barədə danışıb və bu əməkdaşlığın mövcud əlaqələri daha da gücləndirəcəyini və yeni biznes imkanları yaradacağını vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır