Əsas kapitala yönəldilmiş vəsait artıb

2018-ci ilin yanvar-aprel aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş 4160,1 milyon manat vəsaitin 2281,6 milyon manatı və ya 54,8 %-i qeyri-neft sektoruna sərf edilib və bu sektorda investisiyaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 42,5 % artıb.

Ümumi sərmayənin 73,3 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib, istifadə olunmuş vəsaitin 73,6 %-i məhsul istehsalı obyektlərinin, 20,7 %-i xidmət sahələri üzrə obyektlərin, 5,7 %-i isə ümumi sahəsi 518,9 min kvadrat metr olan yaşayış evlərinin tikintisinin payına düşüb. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 52,4 %-ni təşkil edib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 55,6 %, bank kreditləri 15,9 %, büdcə vəsaitləri 22,2 %, əhalinin şəxsi vəsaitləri 5,4 %, büdcədənkənar fondların vəsaitləri 0,5 %, sair vəsaitlər isə 0,4 % təşkil edib.

2018-ci ilin yanvar-aprel aylarında Bakı şəhərində 110/35/10 kilovoltluq “Yasamal-1” və “Qobu”, 35/10-6 kilovoltluq 120 saylı elektrik yarımstansiyaları, Bakı Şəhər Statistika İdarəsinin inzibati binası, Bona Dea Beynəlxalq Hospitalı, Mingəçevir şəhərində Mingəçevir Sənaye Parkında “Mingəçevir Tekstil” MMC-nin iplik istehsalı üzrə iki müəssisəsi, Neftçala rayonunda Neftçala Sənaye Məhəlləsində “Xəzər” avtomobil zavodu, bunlardan əlavə Naxçıvan Muxtar Respublikasında 442 şagird yerlik 2 ümumtəhsil məktəb binası və bir növbədə gəlişlərin sayı 15 nəfər olan ambulatoriya-poliklinika müəssisəsi və s. obyektlər istifadəyə verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır