2018-ci ilin yanvar-oktyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 11482,7 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,3 faiz az vəsait yönəldilmiş, sərf edilmiş vəsaitin 69,3 faizini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib.
Bu azalma neft sektoruna yatırılmış investisiyaların azalması ilə bağlı olmuş, qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcmi isə 16,7 faiz, o cümlədən qeyri-neft sənayesinə qoyulmuş investisiyalar 18,2 faiz artmışdır. Ümumi sərmayənin 69,1 faizi məhsul istehsalı sahələrinin, 22,6 faizi xidmət sahələrinin, 8,3 faizi isə ümumi sahəsi 1684,4 min kvadrat metr olan yaşayış evlərinin tikintisinin payına düşmüşdür. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 62,1 faizini təşkil edib.
Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 50,2 faiz, bank kreditləri 13,0 faiz, büdcə vəsaitləri 26,8 faiz, əhalinin şəxsi vəsaitləri 7,4 faiz, büdcədənkənar fondların vəsaitləri 1,9 faiz, sair vəsaitlər isə 0,7 faiz təşkil edib.