Fəxri adlara görə təqaüdlər artırılıb

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 fevral 2018-ci il tarixli Fərman və Sərəncamları ilə Azərbaycan Respublikası Prezidentinin müvafiq kateqoriyalardan olan şəxslər üçün fərdi və fəxri adlara görə təqaüdləri növbəti dəfə artırılıb.

Belə ki, Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Fərmanına əsasən ölkəmizin elm, təhsil, mədəniyyət, iqtisadiyyat, dövlət idarəçiliyi və digər sahələrdə böyük əməyi olan şəxslərin xidmətlərinin qiymətləndirilməsi və onların sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədilə həmin şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləği 2018-ci il martın 1-dən 1300 manatdan 1450 manata çatdırılacaq.

Fəxri adlara görə aylıq təqaüdlərin artırılması ilə bağlı 22 fevral 2018-ci il tarixli Sərəncam isə fəxri adlara görə aylıq təqaüdlərin məbləğinin 2018-ci il martın 1-dən artırılaraq “Xalq” fəxri adı üçün 100 manatdan 150 manata, “Əməkdar” fəxri adı üçün 60 manatdan 100 manata çatdırılmasını nəzərdə tutur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır