21 iyun 2017-ci il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin iclası keçirilib. İclasda 22 iyun 2017-ci il tarixindən uçot dərəcəsi və likvidlik əməliyyatları üzrə faiz dəhlizinin yuxarı həddinin dəyişməz saxlanılması, faiz dəhlizinin aşağı həddinin isə 12%-dən 10%-ə endirilməsi ilə bağlı qərar qəbul edilib.
İdarə Heyətində qeyd edilib ki, qeyri-neft sektorunda iqtisadi artım bərpa olunub, ixracın artımı və idxalın azalması nəticəsində tədiyə balansı profisit mövqeyə keçib. Milli valyutanın məzənnəsinin sabitliyinin dayanıqlığı yüksəlməkdədir. Mərkəzi Bank monetar şəraitdə müəyyən kəmiyyət dəyişikliyi etsə də, mühafizəkar pul-kredit siyasətini davam etdirir və ilin ikinci yarısında iqtisadi və inflyasiya dinamikasından asılı olaraq uçot dərəcəsinin azaldılması potensialını qeyd edir.