Fiziki şəxs vergi idarəsinə getmədən onlayn formada VÖEN ala bilərmi?

Fiziki şəxs vergi idarəsinə getmədən onlayn formada VÖEN ala bilərmi?

Bu suala Vergilər nazirliyinin rəsmi saytında cavab verilib.

Belə ki, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotuna alına  bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “ASAN imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.

“ASAN İmza” sertifikatlarının verilməsi ASAN xidmət mərkəzində və vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir. Asan İmza üçün müraciət edən şəxs tərəfindən ilk növbədə hər hansı mobil operatordan (Azercell, Bakcell, Nar Mobile) Asan İmza SİM kartı əldə edilməli, daha sonra tələb olunan digər sənədlərlə ASXM-ə müraciət edilməlidir. Təqdim edilmiş sənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra müraciət etmiş şəxslə ASXM arasında yazılı müqavilə bağlanılır və ona müvafiq sertifikat çap olunaraq kağız daşıyıcıda təqdim edilir.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər (nağd və nağdsız hesablaşmaların rəsmiləşdirilməsi, vergi öhdəliklərinin yerinə yetirilməsi və s.) barədə daha ətraflı məlumat almaq üçün Vergilər Nazirliyinin rəsmi saytında “Sahibkarın vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edilə bilər.

Qeyd edək ki, Ətraflı məlumat üçün Vergi Məcəlləsinin 33.1-ci və 34.1-ci maddələri, Vergilər Nazirliyinin Kollegiyasının 19.05.2015-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”na baxa bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır