Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və Azərbaycan Banklar Assosiasiyası ödəniş kartları ilə aparılan əməliyyatlar üzrə fırıldaqçılıq hallarının qarşısının alınması sahəsində mövcud potensialın daha da yüksəldilməsi, beynəlxalq təcrübədə tətbiq edilən son texnoloji həllər haqqında bank əməkdaşlarının məlumatlandırılması məqsədilə “MasterCard Worldwide” beynəlxalq kart təşkilatı ilə birgə növbəti tədbiri keçirəcək. Tədbirdə “MasterCard Worldwide” beynəlxalq kart təşkilatının Avropa bölgəsində Təhlükəsizlik həlləri üzrə direktor Marc Van Puyvel tərəfindən təşkilatın bir sıra proqram və məhsulları, o cümlədən “Safety Net”, “Policy Manager”, “Fraud Rule Manager”, “Decision Intelligence”, “Spend Alerts and Controls”, “Acquirer/Merchant Dashboard” haqqında məlumat verilərək onların üstünlükləri və ödəniş kartları ilə aparılan əməliyyatların təhlükəsizliyinin yüksəldilməsində tətbiqinin zəruriliyi açıqlanacaq.
Qeyd edək ki, seminar 16 iyun 2017-ci il, saat 10:00-da keçiriləcək.