29 noyabr 2017-ci il tarixində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC), Bakı Fond Birjasının və Yeniliyə Doğru Gənclər Fondunun birgə təşkilatçılığı ilə “İnkişaf bi(r)likdədir” devizi altında “Gənc İnvestor 2017” birja ticarəti üzrə simulyasiya yarışı keçirilib.
Yarışmada Azərbaycan Dövlət İqtisad Universitetinin, ADA Universitetinin və Bakı Mühəndislik Universitetinin tələbələri olmaqla 10 komanda, ümumilikdə 40 tələbə iştirak edib.
Yarış şərtlərinə əsən komandalar kapital bazarlarını təqlid edən virtual ticarət platformasında sahib olduqları portfeli idarə edərək maksimal gəlirlilik həddinə nail olmalıdırlar. Sonda ən çox dəyər qazanmış portfel sahibi qalib elan olunur.
Yarışın keçirilməsində məqsəd Azərbaycanda kapital bazarlarının təşviqi, sahiblik düşüncə tərzinin formalaşdırılması və kapital bazarlarına yönəlik gənc mütəxəssislərin hazırlanmasıdır.
Təşkil olunmuş kapital bazarları simulyasiyası, tələbələr arasında komanda şəklində iş vərdişlərinin formalaşdırılması, müddət, qiymət və risk faktorları əsasında çevik qərarların qəbul edilməsi bacarıqların inkişaf etdirilməsinə tövhə verməklə nəzəri və praktiki yönümlü institutlar arasında sinerjini təmin edir.