Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov qeyd edib ki, əmək bazarı işçi qüvvəsinə olan tələb və təklifi müəyyən edən amillərin təsiri altında formalaşır: “2006-2016-cı illər ərzində Azərbaycanda əhalinin orta illik artım tempi 1,3 %-ə yaxın olub. Bu da Avropa ölkələri arasında ən yüksək göstəricilərdən hesab edilir. Həmin dövrdə ölkəmizdə əhalinin sayı 14,7 % artaraq 2017-ci ilin 1 yanvar tarixinə 9,8 milyon nəfər təşkil edib. Əhalinin 50,1 %-ni qadınlar təşkil edir”.
Yaş strukturu baxımından Azərbaycan əhalisinin cavan olduğunu və orta yaşın 32,3 yaş təşkil etdiyini bildirən S.Müslümov qeyd edib ki, bu göstərici qadınlar üzrə kişilərə nisbətən yuxarıdır: “1 yanvar 2017-ci il tarixə əhalinin yaş strukturunda 0 – 14 yaş qrupunun payı 22,6 %, 14-29 yaş qrupunun payı 25 %, 30-64 yaş qrupunun payı 46,1 %, 65 və yuxarı yaş qrupunun payı isə 6,3 % olub. Gənclərin əhalinin strukturundakı yüksək payı əmək qabiliyyətli yaşda olan əhalinin xüsusi çəkisinin artmasını şərtləndirib. Bu göstərici 2000-ci ildəki 59,5 %-dən 2017-ci ilin əvvəlinə 68,4 %-ə yüksəlib. Əmək qabiliyyətli yaşda əhalinin artması işçi qüvvəsinin təklifini artırmaqla yeni iş yerlərinə olan ehtiyacı gücləndirir”.