“Gizli rüsum”-ların ləğv edilmə vaxtıdır

Müasir biznes mühitində bəzi müəssisələr rəqabətlilik qabiliyyətini artırmaq üçün müxtəlif yollara əl atırlar. Bəzi yollar isə qiymət şəffaflığının təhrifinə gətirib çıxara bilir.

Qeyri-etik biznes prosesi olsa da, “gizli rüsum”-lar tətbiq edərək müştərilərdən əlavə ödəniş cəlb etmək hal-hazırda normallaşıb. Xarici təcrübədən nümunəyə baxsaq, bir çox otellər təqdim olunan qiymətlərdən əlavə kurort və inzibati rüsumlar tələb edirlər ki, bu da müştərinin otel üçün nəzərdə tutduğu ödəniş məbləğini gözə çarpan şəkildə artırır. Yerli bazarda isə, bəzi restoran və kafelərdə yekun məbləğə əlavə olunan servis haqqı mövcuddur. Əslində, kiçik məbləğ kimi görünsə də, bu “gizli rüsum”-lar müştərilərin ən böyük narazıçılıq səbəblərindəndir.

Bəs bizneslər bu üsuldan niyə istifadə edir? Bu “görünməz” rüsumlar şirkətin qiymət strategiyası üçün üstünlükdür. Çünki, bütün bu rüsumlar əvvəldən məhsulun və ya xidmətin nominal qiymətinin üzərinə əlavə olunsa, daha bahalı görünüm alar və müştərilərin məhsul və ya xidmətə olan marağını itirməyinə səbəb olar.

Lakin, digər tərəfdən, yekun ödəniləcək məbləğə əlavə edilən bu ödənişlər müştərilərin məyusluğuna səbəb ola bilər və müştəri məmnuniyyətini kəskin şəkildə azaldar. Bu isə, qısamüddətli dövrdə təsirini göstərməsə də, uzunmüddətli dövrdə müəssisə üçün bəzi satış problemləri yarada bilər.

Bu səbəbdən, müştəriləri bu tip üstüörtülü qiymətləndirmə strategiyalarından uzaqlaşdırmaq üçün xüsusi qanun və tənzimləmələr qəbul etməyin vaxtıdır.

Rafi Mohammed

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır