Dekabrın 14-də Belçika Krallığının Brüssel şəhərində, Ümumdünya Gömrük Təşkilatının Baş qərargahında Gömrük Əməkdaşlıq Şurasının 131-ci sessiyası işə başlayıb.
Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Cavad Qasımov və Komitənin Xarici Əlaqələr İdarəsinin rəisi, gömrük xidməti polkovniki Dilavər Fərzəliyev iştirak edir.
Sessiya zamanı Azərbaycan nümayəndə heyətinin rəhbəri Cavad Qasımov və Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti rəisinin müavini Vaxtanq Laşkaradze arasında görüş olub.
Görüşdə iki ölkə arasındakı əlaqələrin strateji tərəfqaşlıq, mehriban qonşuluq prinsiplərinə söykəndiyi, bu əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyi vurğulanıb. Gömrük sferasında da qarşılıqlı əməkdaşlığın yüksək səviyyədə olduğu bildirilib, qarşılıqlı birgə fəaliyyətin bundan sonra da intensivləşdirilməsinin vacibliyi diqqətə çatdırılıb, gömrük prosedurlarının və ticarətin asanlaşdırılması, gömrük sərhəddindən malların və nəqliyyat vasitələrinin maneəsiz və operativ qaydada həyata keçirilməsi məsələləri müzakirə olunub.