Oktyabrın 27-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev Azərbaycanda səfərdə olan İran İslam Respublikasının İqtisadiyyat və maliyyə naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Məsud Kərbasian ilə görüşüb.
Qonağı səmimiyyətlə salamlayan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev iki qonşu ölkənin istər siyasi-iqtisadi, istərsə də mədəni sahələrdə əlaqələrindən məmnunluqla söhbət açıb, əməkdaşlığın bundan sonra da davamlı olacağına əminliyini ifadə edib.
İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Məsud Kərbasian İran hökumətinin Azərbaycanla münasibətləri genişləndirməkdə maraqlı olduğunu bildirib, o cümlədən, gömrük xidməti sahəsində qarşılıqlı əməkdaşlıqdan razılığını ifadə edib, iki ölkə arasında əlaqələrin daha da dərinləşməsinin vacibliyini diqqətə çatdırıb.
Eyni zamanda, görüşdə gələn həftə Kolumbiyanın Kartagena şəhərində gömrük məsələlərinə dair gerçəkləşəcək beynəlxalq tədbirlərlə, Ümumdünya Gömrük Təşkilatı Baş katibi və müavinləri vəzifəsinə keciriləcək seçkilərlə, eləcə də noyabr ayında Pakistanın İslamabad şəhərində baş tutacaq İqtisadi Əməkdaşlıq Təşkilatı Gömrük Xidməti Rəhbərlərinin iclasında müzakirə ediləcək məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.