Göyçayda ödənişsiz səyyar tibbi müayinə aksiyası təşkil olunacaq

Sentyabrın 19-da  “ASAN xidmət” və Sağlam Ailə Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə Göyçay rayon sakinləri  üçün ödənişsiz səyyar tibbi müayinə aksiyası təşkil olunacaq.

Belə ki, aksiyada tibbi xidmətdən keçmək istəyən vətəndaşlar pulsuz olaraq terapevt, endokrinoloq, kardioloq, ginekoloq, uroloq, dermatoloq, pediatr, oftalmoloq, LOR, cərrah, USM, EKQ və qanda şəkərin təyini müayinələrindən yararlana biləcəklər.

Səyyar tibbi müayinənin əsas məqsədi əhali arasında profilaktik müayinə mədəniyyətini, sağlam həyat tərzini təbliğ etmək, əsasən az təminatlı və ehtiyacı olan vətəndaşlar üçün pulsuz müayinələrin həyata keçirilməsini təşkil etməkdir.

Qeyd edək ki, bu aksiyanın layihə müddətində Səyyar ASAN xidmətin olduğu məntəqələrdə mütəmadi olaraq təşkil olunması nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır