SOCAR-ın Baş ofisində “Günəşli” yatağında hasilatın artırılması məqsədilə ABŞ-ın “McKinsey&Company;” şirkəti tərəfindən hazırlanmış “Mayak” layihəsinin müzakirəsi ilə bağlı iclas keçirilib. İclasda SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov, “Azneft” İstehsalat Birliyinin Baş direktoru Daşqın İskəndərov, “Neftqaz elmi tədqiqat layihə” institutunun direktoru Fəxrəddin İsmayılov, “McKinsey&Company;” şirkətinin layihə rəhbəri Otto van der Molen, eləcə də, hər iki şirkətin məsul mütəxəssisləri iştirak edib.
İclasda “McKinsey&Company;” şirkətinin hazırladığı “Mayak” layihəsi barədə ətraflı məlumat verilib, “Günəşli” yatağında hasilatın stabil saxlanılması və artırılması ilə bağlı təkliflər dinlənilib. Layihədə yataq üzrə əməliyyat xərclərinin optimallaşdırılması öz əksini tapıb. “McKinsey&Company;” şirkəti tərəfindən “Günəşli” yatağında yaxın iki həftə ərzində ilkin tədqiqat işlərinin aparılması və təkliflərin verilməsi qərara alınıb, 2018-ci il üçün yataqda hasilatın ən az 7% artırılması barədə təklifin bir ay müddətinə təqdim olunması razılaşdırılıb.
Qeyd edək ki, “Mayak” layihəsi əlavə xərclər çəkilmədən hasilatın artırılmasına xidmət edəcək.