“Günəşli” yatağındakı 5 saylı platformada əlavə 8 quyu qazılacaq

SOCAR-ın “Azneft” İB-nin sifarişi ilə “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında ”Günəşli” yatağındakı 5 saylı Dərin Dəniz Özülündə əlavə 8 quyunun qazılması üçün yenidənqurma işləri aparılır. Belə ki, layihənin baş podratçısı “Neftqaztikinti” Trestidir.

Yenidənqurma işləri  çərçivəsində indiyədək 1 dəst istiqamətləndirici boru, həmçinin suayrıcı borular hazırlanıb, 2 və 3 saylı modulların alt şitinin rekonstruksiyası tamamlanıb, yeni quyuların yerləri üçün quraşdırma işlərinə başlanılıb. 3 ədəd quyunun quraşdırılması üçün 25 metrlik dördzolaqlı hərəkət yolu çəkilib və qülləaltı postament qoyulub.

Arakəsmə, örtük və ventilyator meydançalarının quraşdırılması üzrə işlər davam edir. Yaxın vaxtlarda 8 quyu şaxtası və 8 istiqamətləndirici boru layihə dərinliyinə vurulacaq, sementlənmə işləri görüləcək, quyular üçün yeni monifold blok yığılacaq, elektrik və nəzarət ölçü cihazları quraşdırılacaq.

Qeyd edək ki, işlər təhlükəsizlik və əməyin mühafizəsi üzrə bütün müasir tələblərə uyğun şəkildə aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır