Güzəştlə mənzil əldə etmək hüququ olan vətəndaşların kateqoriyaları genişləndirilib

Azərbaycan Respublikası Prezidentinin 13.07.2017-ci il tarixli 1530 nömrəli və 21.07.2017-ci il tarixli 1560 nömrəli Fərmanları ilə güzəştlə mənzil əldə etmək hüququ olan vətəndaşların kateqoriyaları genişləndirilib.

Belə ki, “ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs” adlı mövcud kateqoriya yeni redaksiyada həmçinin,“ən azı 15 il dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxslər”, “ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər” kateqoriyası da əlavə olunub. Hər iki kateqoriyaya aid olan vətəndaşlar yaşından və ailə vəziyyətindən asılı olmayaraq güzəştlə mənzil əldə etmək hüququndan yararlana biləcək.

“Ən azı 15 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxlər” adlı yenilənmiş kateqoriyaya aid vətəndaşların müraciətlərinin qəbuluna artıq start verilib. Müraciətlər “Elektron hökumət” portalında (www.e-gov.az) yaradılmış “Güzəştli mənzil” sistemi vasitəsilə və ya Bakı şəhərində yerləşən 1, 3 və 5 saylı “ASAN xidmət” mərkəzlərində və Sumqayıt “ASAN xidmət” mərkəzində qəbul olunur.

Qeyd edək ki, “Güzəştli mənzil” elektron sistemində davam edən dəyişikliklər və müvafiq inteqrasiya işləri tamamlandıqdan sonra “ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər” adlı kateqoriyaya aid vətəndaşların da müraciətlərinin qəbulu başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır