Gəncə-Qazax bölgəsinə 258.5 milyon manat güzəştli kredit verilib

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarların maarifləndirilməsi, sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi tədbirlərini davam etdirir.

BBN.az xəbər verir ki, bu istiqamətdə növbəti işgüzar forum iyunun 21-də Ağstafa rayonunda keçirilib.

İşgüzar forum çərçivəsində sahibkarlarla müzakirələr aparılıb, Ağstafa rayonunun iqtisadi potensialına uyğun olaraq, startap layihələrinin maliyyələşdirilməsi, iri taxılçılıq, kartofçuluq, üzümçülük, arıçılıq və cins heyvandarlıq təsərrüfatlarının, çörək istehsalı və süd emalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələri və metodiki materiallar təqdim olunub.

Tədbirdə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru vəzifəsinin icraçısı Arif Vəliməmmədov Fondun özəl bölmənin inkişafında, xüsusən də regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib.

Forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 34 sahibkara 423 min manat güzəştli kredit verilib. Verilən kreditlər heyvandarlıq, quşçuluq, kartofçuluq, üzümçülük və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması hesabına 40-dan çox yeni iş yerinin açılması imkanı yaranacaq. İndiyədək Ağstafa rayonundan olan 596 sahibkara 8,4 milyon manat güzəştli kredit ayrılıb.

Ümumilikdə, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla, Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 6800-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 258,5 milyon manat güzəştli kredit verilib.

Tədbir çərçivəsində Ağstafada dövlətin güzəştli krediti ayrılan tikinti materialları istehsalı müəssisəsində aparılan işlərə baxış keçirilib. Müəssisə ildə 142 min kv. metr dam örtükləri və 44 min kv. metr fasad kərpici istehsal gücünə malik olacaq.

Qeyd edək ki, son illər müasir texnologiyaların tətbiqinə əsaslanan 28 tikinti materiallarının istehsalı müəssisəsinə 90,2 milyon manat dövlətin güzəştli krediti verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır