Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 8 avqust tarixində keçiriləcək hərracda 152 dövlət əmlakı özəlləşdirilməyə çıxarılıb. Bunlardan 41-i kiçik dövlət müəssisə və obyekti, 91-i istifadəsiz qeyri-yaşayış sahəsi, 20-si isə səhmdar cəmiyyətidir.
Hərracda fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında torpaq sahəsi 131,5 kv.m, ümumi faydalı sahəsi 127,5 kv.m olan 8 saylı çayxananı nümunə kimi göstərmək olar.
Hərracda özəlləşdirilən əmlaklar sırasında daha az vəsait tələb edən obyektlər də var. Belə ki, ümumi faydalı sahəsi 25 kv.m olan, Gəncədə yerləşən 282/45 saylı mağazanın ilkin satış qiyməti 5100 manatdır.
Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr var.
Qeyd edək ki, özəlləşdirilməyə açıq elan edilən istifadəsiz qeyri-yaşayış sahəsindən 78-i paytaxtda, qalanları isə respublikanın digər rayon və şəhərlərində yerləşir.