Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 17 oktyabr tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək. Vətəndaşların və potensial investorların bu hərracda özəlləşməyə çıxarılan 149 dövlət əmlakına sahib olmaq imkanı var. Bunlardan 43-ü kiçik dövlət müəssisə və obyekti, 78-i istifadəsiz qeyri-yaşayış sahəsi, 20-si səhmdar cəmiyyətləri, 8-i isə nəqliyyat vasitəsidir.
Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr var. Belə səhmdar cəmiyyətlərinə “Azinterservis”, “Bərdə Kərpic”, “Tərtər Konserv”, “Azərmetalinvest“, “Oğuz Kəndkimya”, “Çatal Broyler“ və digər bu kimi səhmdar cəmiyyətləri aiddir. Hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir. Özəlləşdirilməyə açıq elan edilən istifadəsiz qeyri-yaşayış sahəsindən 62-i paytaxtda, qalanları isə respublikanın digər şəhər və rayonlarda yerləşir.
Özəlləşdirilən əmlakların ümumi faydalı sahəsi 14 kv.m ilə 1274 kv.m arasında dəyişir.
Hərraca çıxarılan səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45%-ni təşkil edir. Bu kateqoriyaya aid edilənlər arasında səhmlərinin özəlləşdirməyə çıxarılan ilkin start qiyməti ən çox olan əmlak “Azinterservis” Açıq Səhmdar Cəmiyyətidir. Adı çəkilən əmlakın səhminin 31%-ə yaxını 266 min manatdan çoxdur.
Qeyd edək ki, daha az investisiya tələb edən əmlaklar da hərraca çıxarılıb. Bunlardan paytaxtın Xətai rayonunda yerləşən 15 kv.m olan qeyri yaşayış sahəsini nümunə kimi göstərmək olar. Həmin əmlakın ilkin start qiyməti 2000 manat təşkil edir.
Hərraca çıxarılan nəqliyyat vasitələrinin markaları müxtəlifdir. İlkin start qiyməti isə 1080 manatla 4 min manat arasında dəyişir.