Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 24 oktyabr tarixində yeni hərrac keçiriləcək. Hərraca ümumilikdə 156 dövlət əmlakı çıxarılıb. Bunlardan 25-i səhmdar cəmiyyəti, 64-ü kiçik dövlət müəssisə və obyekti, 67-si istifadəsiz qeyri-yaşayış sahəsidir.
Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Bakı, Şəmkir, Tovuz, İmişli, Cəlilabad, Göygöl, Naftalan və digər rayonlarında yerləşir.
Hərraca çıxarılan müəssisələr sırasında Bakının Suraxanı rayonunda olan 42 saylı mağaza, Tovuzda yerləşən “Şəfəq” kinoteatrı, Təsərrüfat hesablı Göygöl Aqrar Sənaye Kombinatı kimi iri dövlət əmlakları var.
Hərraca çıxarılan kiçik dövlət müəssisələri sırasında ən yüksək ilkin satış qiyməti Bakının Suraxanı rayonunda olan 42 saylı mağazadır. 400 min manata təklif olunan müəssisənin torpaq sahəsi 2 min kv.m-ə yaxındır.
Hərracda özəlləşdirilməsi nəzərdə tutulan istifadəsiz qeyri-yaşayış sahələrindən 61-i paytaxtda, qalanları isə Sumqayıt, Mingəçevir şəhərində, Şirvan, Sabirabad rayonlarında yerləşir.
Özəlləşdirilməyə açıq elan edilən belə əmlakların sahəsi 11 kv.m ilə 213 kv.m arasında dəyişir.
Qeyd edək ki, daha az investisiya tələb edən əmlaklar da hərraca çıxarılıb. Bunlardan Bakının Nəsimi rayonunda yerləşən sahəsi 11 kv.m olan qeyri-yaşayış sahəsini nümunə kimi göstərmək mümkündür. Həmin əmlakın ilkin start qiyməti 2 min manat təşkil edir.
Hərracda özəlləşdiriləcək səhmdar cəmiyyətləri məişət, təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir.