Hərracda 158 əmlak özəlləşdiriləcək

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 28 noyabr tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək. Ümumilikdə 158 dövlət özəlləşdirilməyə çıxarılıb. Bunlardan 64-ü kiçik dövlət müəssisə və obyekti, 63-ü istifadəsiz qeyri-yaşayış sahəsi, 23-ü səhmdar cəmiyyətləri 8-i isə nəqliyyat vasitələridir.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr var.

Prosesdə özəlləşdiriləcək səhmdar cəmiyyətlərin nizamnamə kapitalı 25 min 676 manatla 738 min 888 manat arasında dəyişir.

Hərracda sahibini tapacaq kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə  aiddir.

Özəlləşməyə çıxarılan kiçik dövlət müəssisəsi və obyektlərinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb.

Özəlləşdirilməyə açıq elan edilən istifadəsiz qeyri-yaşayış sahəsindən isə 56-sı paytaxtda, qalanları isə respublikanın digər rayon və şəhərlərində yerləşir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır