17 oktyabrda Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirilib. Hərracda özəlləşdirilən əmlaklardan 6-ı kiçik dövlət müəssisəsi, 7-i istifadəsiz qeyri-yaşayış sahəsi, 3-ü yarımtikili, 3-ü isə nəqliyyat vasitəsi olub. Bakı şəhəri üzrə 6 istifadəsiz qeyri yaşayış sahəsi və 3 nəqliyyat vasitəsi, respublikanın digər şəhər və rayonları üzrə 6 kiçik dövlət müəssisəsi, 1 istifadəsiz qeyri yaşayış sahəsi, 3 yarımtikili özəlləşdirilib. Ümumilikdə, bugünkü hərracda 19 əmlak özəlləşdirilib.
Hərracda ən yüksək qiymətə özəlləşdirilən kiçik dövlət müəssisəsi isə Şəki şəhərində yerləşən İdman Sağlamlıq Mərkəzi olub. Həmin əmlakın ümumi faydalı sahəsi 1000 kv.m-dən çox, torpaq sahəsi isə 6 min 500 kv.m-ə yaxındır. Qeyd edək ki, əmlak torpaq sahəsi ilə birgə özəlləşdirilib.
Həmçinin, hərracda daha az investisiya tələb edən əmlaklar da özəlləşdirilib. Bunlardan biri Bakının Nəsimi rayonunda yerləşən sahəsi 11 kv.m olan qeyri-yaşayış sahəsidir.
Hərracda 3 yarımtikili özəlləşdirilib. Yarım tikililərin 2-i Ağstafa rayonunda, digəri isə Gəncə şəhərində yerləşir. Prosesdə müxtəlif markalı nəqliyyat vasitələri də öz sahibini tapıb. Ən ucuz qiymətə özəlləşən avtomobil QAZ-31105 markalı minik maşını olub .
Qeyd edək ki, hərracda özəlləşdirilən qeyri-yaşayış sahələrinin 6-ı paytaxtda, 1-i isə regionda yerləşir. Özəlləşdirilən əmlakların sahəsi 10 kv.m ilə 124 kv.m arasında dəyişir.