15 avqust 2017-cil tarixində Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hərrac keçirilib. Hərracda 19 dövlət əmlakı özəlləşdirilib. Bunlardan 6-sı kiçik dövlət müəssisəsi, 13-ü istifadəsiz qeyri-yaşayış sahəsidir. Bakı şəhəri üzrə 4 kiçik dövlət müəssisəsi, 12 istifadəsiz qeyri yaşayış sahəsi, respublikanın digər şəhər və rayonları üzrə 2 kiçik dövlət müəssisəsi, 1 istifadəsiz qeyri yaşayış sahəsi sahibini tapıb.
Paytaxt üzrə özəlləşdirilən kiçik dövlət müəssisələrindən 3-ü Qaradağ rayonunda digəri isə Səbail rayonunda yerləşir. Özəlləşdirilən əmlaklar pambıqçılıq, quşçuluq, tikinti, xidmət, nəqliyyat və müxtəlif iqtisadi sahələrə aiddir.
Regionlarda da hərraclar baş tutub. Belə ki, regionlarda keçirilmiş hərraclarda 2 kiçik dövlət müəssisəsi özəlləşdirilib. Bunlar müvafiq olaraq Gəncə şəhərində və İsmayıllı rayonunda yerləşir. Budəfəki hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak İsmayıllı rayonunda yerləşən “Toxucu sexi” olub. Həmin əmlakın torpaq sahəsi 11 min 145 kv.m, ümumi faydalı sahəsi isə 3 min kv.m-ə yaxındır.
Qeyd edək ki, növbəti belə hərrac 22 avqustda keçiriləcək.