“Kibertəhlükəsizlik həftəsi” çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Elektron Təhlükəsizlik Xidməti, Məlumat Hesablama Mərkəzi və Yüksək Texnologiyalar Parkı tərəfindən, Dövlət Radiotezliklər İdarəsinin tərəfdaşlığı ilə təşkil olunan “Hackathon” müsabiqəsi başa çatıb.
11-12 mart tarixlərində keçirilən müsabiqənin qalibləri bu gün keçirilən mükafatlandırma mərasimində təltif edilib.
Müsabiqə iştirakçıları informasiya sistemlərinə edilən müdaxilələri aşkar edən unikal monitorinq sisteminə dair həllər (IDS üçün skript, modul və ya proqram həlli) təqdim ediblər.
İştirakçılar kibertəhlükəsizlik sahəsində baza biliklərinə, ən azı bir proqramlaşdırma dilində (Python, C#, Java və ya Bash Scripting və s.) eləcə də, Server Əməliyyat sistemləri (Windows Server Ailəsi və Linux Serverlər) üzrə kafi bilik və təcrübəyə, komandada işləmək və təqdimat bacarığına malik şəxslərdən seçilib.
Münsiflər iştirakçıları “Unikallıq”, “İnnovativlik”, “Səmərəlilik” və “Təqdimat” kriteriləri əsasında qiymətləndirib.
Beləliklə, I yerə “CTR_BHOS”, II yerə “Hack You”, III yerə “Malware” komandaları layiq görülüb. I, II və III yerin sahiblərinə müvafiq olaraq 4000 (4 min), 2000 (2 min) və 1000 (min) AZN məbləğində pul mükafatı təqdim olunub.
Bütün iştirakçılara isə müsabiqədə iştiraka görə sertifikatlar verilib.