“Hamı üçün İKT” sosial layihəsi uğurla davam edir

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Hökumət Təlim-Tədris Mərkəzinin birgə təşkilatçılığı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə “Hamı üçün İKT” sosial layihəsi uğurla davam edir.

BBN.az xəbər verir ki, layihədə bu dəfə iştirakçılara “Microsoft Office Word” proqramı ödənişsiz olaraq peşəkar səviyyədə tədris olunub.

Layihə əhalinin aztəminatlı təbəqəsi – qaçqın və məcburi köçkün, şəhid ailələrinin üzvləri, sağlamlıq imkanları məhdud olan şəxslər üçün nəzərdə tutulub.

Təlim Bakı şəhərində Elektron Hökumət Təlim-Tədris Mərkəzində və həmçinin onlayn formada Gəncə şəhəri və Lənkəran, İmişli, Şirvan, Şamaxı rayonlarının Elektron Hökumət Təlim-Tədris mərkəzlərində keçirilib.

Təlimdə mənimsənilən biliklərin səviyyəsinə görə dinləyicilərə Bilik Fondu və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sertifikatları veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır