“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 16 dekabr 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Vergi Məcəlləsində edilmiş dəyişikliklər çərçivəsində Məcəlləsinin 220.12-ci maddəsinə əsasən hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə 1 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanır.
Banklar da hüquqi şəxsdir və “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarına əsasən onlar qarşılıqlı surətdə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada hər növ əməliyyatlar apara, bir-birində depozit, o cümlədən müxbir və digər hesablar aça bilərlər.
Bununla əlaqədar sual yaranır, hansı hallarda banklar 220.12-ci maddəsinin tələbinə əsasən vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə 1 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi ödəyir?
Məlum olduğu kimi, banklar müxbir hesabları digər banklarda və Mərkəzi Bankda açır. Həmin müxbir hesablarından nağd vəsaiti kassa qalığını möhkəmləndirmək məqsədi ilə götürürlər. Götürülmüş nağd vəsait əsasən müştərilərin əmanətləri və onların faizlərinin qaytarılması, ATM-lərin yüklənməsi, mübadilə əməliyyatları, müştərilərin hesablarında olan vəsaitin (həm müştərinin özünün, həm də onun hesabına köçürülmüş kreditin) nağd ödənilməsi üçün istifadə olunur. Müştərilərin tələblərinin icrası və fəaliyyətinin təmin edilməsi məqsədilə müxbir hesablardan nağd çıxarılan vəsaitlərə verginin tətbiq edilməsi, həmin verginin son nəticədə müştərilərin hesablarından tutulmasına səbəb ola bilər.
Bankların müxbir hesablarında olan pul vəsaitinin nağdlaşdırılması istisna olmaqla, banklardakı digər hesablarında (praktikada bankların digər banklarda əsasən müxbir hesabları olur) olan pul vəsaitinin nağdlaşdırılmasına görə 1 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanır. Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 150.1.12-ci və 220.12-ci maddələri və Azərbaycan Respublikasının “Banklar haqqında” 16 yanvar 2004-cü il tarixli, 590-IIQ nömrəli Qanunu ilə tənzimlənir.