Hindistanlı alim Azərbaycanın “Şimal-Cənub” dəhlizindəki rolundan yazıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində araşdırmalar aparan Hindistanın “Global South Development Magazine” nəşrinin tədqiqatçısı Hriday Sarmanın, İİTKM-nin Strateji təhlil və planlaşdırma meneceri Vüsalə Cəfərova ilə birlikdə hazırladıqları “Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi: Azərbaycan yolayrıcında” adlı məqaləsi Azərbaycanın İqtisadi və Sosial Araşdırmalar Jurnalında dərc edilib.

Məqalədə bildirilir ki, Azərbaycanın coğrafi və potensial tranzit ölkə kimi imkanları nəzərə alınaraq bu istiqamətdə mövcud nəqliyyat infrastrukturunun bərpası, inkişaf etdirilməsi və yeni nəqliyyat infrastrukturu layihələrinin həyata keçirilməsi tədbirlərinə başlanılıb və hal-hazırda da davam etdirilir.

Məqalədə Azərbaycanda logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsinə və bu çərçivədə görülən işlərə xüsusi toxunulub. Bildirilib ki, Şimal-Cənub nəqliyyat dəhlizinin işə salınması İran, Hindistan və Pakistan mallarının Azərbaycan üzərindən bu dəhliz vasitəsi ilə Avropaya daşınması imkanı yaradacaq. Bu isə öz növbəsində dünyada tərəqqiyə, regional ticarət dövriyyəsinin dəfələrlə artmasına səbəb olub.

Qeyd edək ki, Finlandiya, Brüssel, İsrail və Hindistanın bir neçə beyin mərkəzlərində araşdırmalar aparan hindistanlı tədqiqatçı Hriday Sarma, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Qonaq Elmi İşçilərin Mübadiləsi Proqramı” çərçivəsində “Şimal-Cənub Nəqliyyat Dəhlizinin İnkişafı və Azərbaycan” mövzusunda tədqiqat həyata keçirib. O, bu mövzuda bir neçə məqalə hazırlayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır