Hamı sadist rəhbərlər və onların işçilərinin hansı əziyyətlər çəkdiyi barədə əhvalatları eşidib. Yeni araşdırma məlumatları göstərir ki, ən qorxulusu bu yox, birdən-birə normaldan çox əsəbiyə çevrilən rəhbərdir. Rəhbərlərinin özlərini gözlənilməz apardığı işçilər daim təzyiq altında işləyənlərlə müqayisədə daha çox stress keçirirlər. Bu, onların ümumi əhvalında və işə münasibətində əks olunur.
Miçiqan Universitetindən Fadel Mattanın başçılığı altında araşdırıcılar qrupu menecerlərin “şəxsiyyətlərarası ədalət” səviyyəsinin (hörmət və xidmətlərin etiraf edilməsi) işçilərə təsirini öyrənərək bu nəticəyə gəlib. Bir eksperiment çərçivəsində 161 tələbəyə 12 dəfə səhmlərin birja kotirovkasını qiymətləndirmək və rəhbərdən rəy almaq tapşırığı verildi. Onları kortəbii olaraq 3 qrupa böldülər: biri həmişə ədalətli və hörmətli (“Çalışdığınıza görə sağ olun”, Sizinlə işləmək xoşdur”), digəri yalnız ədalətsiz, yaxud hörmətsiz rəylər (“Belə işləmək ayıbdır”, Siz qətiyyən motivasiyalı deyilsiniz”) alırdı, üçüncüsü isə hər ikisinə layiq görülürdü. Hər hissədən sonra iştirakçılar nəbzlərini ölçürdülər ki, araşdırıcılar tapşırığın yaratdığı stressin səviyyəsini qiymətləndirə bilsinlər.
Hörmətli rəy alanların nəbzi gözlənildiyi kimi, ən aşağı oldu. Amma ikinci yeri vaxtaşırı təriflənənlər deyil, ümumiyyətlə tərifə layiq görülməyənlər tutdu: onlarda stressin səviyyəsi aşağı idi. Bu nəticələr (sonradan onları real şəraitdə təkrarladılar) ilk baxışdan qəribə görünür: sən demə, hörmətin ümumiyyətlə olmaması onun vaxtaşırı olmasından yaxşıdır.
Sonra tədqiqatçılar ümumilikdə menecerin davranışının işçisinin iş ab-havasının qeyri-müəyyənliyinə reaksiyasına necə təsir etdiyinə diqqət yönəltdilər. Məlum oldu ki, rəhbər ədalətsiz olsa belə, onunla münasibətlərdə sabitlik hər şeydən vacibdir. Həmişə pis münasibət göstərilənlər işdəki gözlənilməzliklərdən daha az narahat, işlərindən daha məmnun idilər və rəhbərlərindən nəyi gözləməyi bilməyənlər kimi emosional olaraq taqətsiz deyildilər.