“İxrac İcmalı”nın 2018-ci ilin may sayı təqdim olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2018-ci ilin may sayı təqdim olunub. İcmalın bu sayında  göstərilir ki, 2018-ci ilin yanvar-aprel ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 485,3 milyon ABŞ dolları təşkil edib. 2017-cı ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-aprel aylarında qeyri-neft sektoru üzrə ixrac 19,3 %  artıb. Cari ilin yanvar-aprel ayları ərzində Rusiya Federasiyasına 135,4 milyon, Türkiyəyə 127,2 milyon, Gürcüstana 52,5 milyon İsveçrəyə 39,6 milyon və Çinə 16 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2018-ci ilin ilk 4 ayı ərzində ixrac olunan qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (47,3 milyon ABŞ dolları), tomat (42,5 milyon ABŞ dolları) və xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilenin (35 milyon ABŞ dolları) ilk 3 yer tutub.

Ümumiyyətlə isə yanvar-aprel ayları ərzində meyvə-tərəvəz ixracı 111,1 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 45,8 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 44,7 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 22,3 milyon, kimya sənayesi məhsullarının ixracı 18,4 milyon ABŞ dolları olub.

2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin ilk 4 ayı ərzində elektrik enerjisinin ixracı 2,9 dəfə,  pambıq ipliyi ixracı 37,4 %, kimya sənayesi məhsullarının ixracı 27,4 %, meyvə-tərəvəzin ixracı 27,3 %, alüminium və ondan hazırlanan məmulatların ixracı 15,6 %,  çayın ixracı 12,2 faiz, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 3,3 % artıb.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən cari ilin aprel ayında isə qeyri-neft sektoru üzrə ixrac 128,9  milyon ABŞ dolları təşkil edib. 2018-ci ilin aprel ayında ən çox qeyri-neft sektoruna aid mal ixrac edilən ölkələrin siyahısında ilk beşlikdə Rusiya (36,7 milyon ABŞ dolları), Türkiyə (29,6 milyon ABŞ dolları),  Gürcüstan (20,6 milyon ABŞ dolları), İsveçrə (5,8 milyon ABŞ dolları) və Çin (4 milyon ABŞ dolları) qərarlaşıb. 2018-ci ilin aprel ayında qeyri-neft sektoru üzrə ixracda tomat (pomidor) birinci (18,5 milyon ABŞ dolları), elektrik enerjisi (13,4 milyon ABŞ dolları) ikinci, emal olunmamış aşqarlanmamış alüminium (8,8 milyon ABŞ dolları) isə üçüncü olub.

“İxrac İcmalı”ndə həm də xidmət ixracına yer ayrılıb. Göstərilib ki, 2018-ci ilin yanvar-aprel aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 19 ölkəsinə peyk və telekommunikasiya xidmətləri ixrac edilib. Cari ilin ilk 4 ayında “Azərkosmos” ASC peyk və telekommunikasiya xidmətlərinin  ixracından 9,3 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.  “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 89 faizini təşkil edib. Xüsusən də 2018-ci ilin aprel ayı “Azərkosmos” ASC üçün əlamətdar olub. Aprel ayında xidmət ixracın dəyəri 5,85 milyon ABŞ dolları təşkil edib.

“Azərkosmos” ASC-nin 2018-ci ilin ilk 4 ayı ərzində xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, BƏƏ, Almaniya, Gürcüstan, Çin, Misir, Qırğızıstan, Kipr, CAR, Birləşmiş Krallıq, Ukrayna və digərləridir.

“İxrac İcmalı”nda məlumat verilib ki, 2018-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycana dünyanın 182 ölkəsindən 847,6 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,4 % çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. 2018-ci ilin yanvar-aprel aylarında ölkəmizə gələn xarici vətəndaşların sayına paralel olaraq onların bank kartları vasitəsi ilə xərcləmələrində də artım müşahidə edilib. Belə ki, cari ilin aprel ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların 109,7 milyon manat təşkil etmiş və ötən ilin aprel ayı ilə müqayisədə 36 % artıb.

Ümumiyyətlə, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 23 % artaraq 406,4 milyon manat təşkil edib.

“İxrac İcmalı”nda 2018-ci ilin yanvar-aprel ayları ərzində Azexport.az portalına daxil olan ixrac sifarişləri barədə də məlumat verilib. Göstərilib ki, 2018-ci ilin aprel ayı ərzində Azexport.az portalına 36,9  milyon ABŞ dolları məbləğində ixrac sifarişləri daxil olub. Ümumilikdə isə 2017-ci ilin yanvar ayından 2018-ci ilin 30 aprel tarixinə kimi Azexport.az portalına dünyanın 93 ölkəsindən  daxil olan ixrac sifarişlərinin dəyəri 697,5 milyon ABŞ dolları təşkil edib.

Həmçinin “İxrac İcmalı”nın may sayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin fəaliyyəti, Azərbaycan məhsulları “Sial China 2018” sərgisində nümayiş oluması  və s. məsələlər barədə də məlumatlar verilib.

“İxrac İcmalı”nın məqsədi sahibkarları ixracla bağlı maarifləndirməyə, yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmağa və beynəlxalq bazarlara inteqrasiya prosesini sürətləndirməyə xidmət edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır