ƏMDK tərəfindən ictimai təqdimat keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Beyləqan rayonunda “Beyləqan rayonunun inzibati sərhədləri daxilində aparılmış torpaqların elektron kadastr uçotu işinin nəticələri və təhlili” ilə bağlı ictimai təqdimat keçirilib.

Tədbirdə komitənin tabeli qurumlarının, aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının, rayon İcra Hakimiyyətinin nümayəndələri, eləcədə bələdiyyələr, müəssisə, idarə, təşkilat və media nümayəndələri iştirak ediblər.

Tədbirin keçirilməsində başlıca məqsəd Beyləqan rayonunda kadastr uçot işləri ilə bağlı görülən işlərin nümayişi, əldə edilən nəticələrin izahı və bu tədbirlərin gələcək perspektivləri ilə bağlı ictimaiyyəti məlumatlandırmaqdır. Həmin nəticələrin istifadə üçün aidiyyəti qurumlara təqdim olunması da tədbirin əsas vəzifələrindəndir.

BBN.az Komitəyə istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 7 mart 2016-cı il tarixli fərmanına uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ölkə üzrə torpaqların elektron kadastr uçotu işi aparılır və rəqəmsal kadastr xəritələri tərtib edilir. Görülən işlər nəticəsində 16 rayonda torpaqların kadastr uçot işləri yekunlaşıb.

Beyləqan rayonunda kadastr uçot işləri aparılarkən torpaqların ümumi həcmində bələdiyyə, dövlət, özəl torpaqların payı müəyyənləşib, bələdiyyə, relyef, meyillilik xəritələri tərtib edilib, eləcə də torpaqların iqtisadi qiymətləndirilməsi və bonitirovkası ilə bağlı müvafiq elektron məlumat bazası yaradılıb.

Qeyd edək ki, gələcəkdə kadastr uçot işləri yekunlaşmış digər rayonlarda da əldə edilən nəticələrin nümayişi ilə bağlı tədbirlər davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır