Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Səbail rayon Məşğulluq Mərkəzi “Azərbaycan Respublikasında müasir mərhələdə dövlət məşğulluq siyasətinin gücləndirilməsi, bu sahədə mövcud olan problemlərin həlli və əhalinin səmərəli məşğulluğunun təmin edilməsi” mövzusunda işəgötürənlərin nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirib.
Tədbirdə əmək ehtiyatlarından səmərəli istifadənin ölkəmizdə aparılan uğurlu sosial siyasətin mühüm prioritetlərindən olduğu, respublikamızda yeni iş yerlərinin açılması prosesinin daimi xarakter almasının əmək bazarında sabitliyin, müsbət meyllərin davam etməsinə imkan yaratdığı vurğulanıb.
Dövlət Məşğulluq Mərkəzinin direktoru Fərəc Qasımzadə bildirib ki, bu işlərin davamı kimi, cari ilin yanvar-oktyabr aylarında Səbail rayon Məşğulluq Mərkəzi tərəfindən 1269 nəfər şəxs münasib işlərlə təmin edilib. Onlardan 120 nəfəri sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar olub. Həmçinin Mərkəz tərəfindən 144 nəfər əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub.
Gənclərin işəgötürənlərin tələblərinə uyğun düzgün peşə və ixtisas seçimi etmələrinin dəstəklənməsi üçün Mərkəz tərəfindən təşkil olunan peşəyönümü tədbirlərinə 400 nəfərə yaxın gənc cəlb olunub və onlara peşəyönümü məsləhətləri verilib.