Oktyabrın 30-da Yevlaxda Aran Regional İnkişaf Mərkəzində İqtisadiyyat Nazirliyinin biznes inkubator iştirakçıları arasında elan etdiyi “İdeyadan biznesə doğru” müsabiqəsinin yekunlarına dair tədbir keçirilib.
Qeyd edilib ki, biznes inkubatorlar gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsində əsas mexanizmlərdəndir. “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında və digər sənədlərdə ölkədə biznes inkubatorların yaradılması və inkişaf etdirilməsi öz əksini tapıb. İqtisadiyyat Nazirliyi tərəfindən Quba-Xaçmaz və Aran Regional İnkişaf Mərkəzlərində yaradılmış biznes inkubatorların fəaliyyəti gənclərin innovativ potensialının və təşəbbüskarlığının dəstəklənməsinə, məşğulluğun artırılmasına, eləcə də iqtisadi rayonun inkişafına öz töhfəsini verir.
Bildirilib ki, Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində yaradılmış biznes inkubatorun 20 məzunundan 14-ü artıq kənd təsərrüfatı (bitkiçilik, heyvandarlıq, quşçuluq, arıçılıq), kənd turizmi, innovasiya mərkəzinin yaradılması, konsultativ biznes və s. sahələr üzrə öz bizneslərini yaratmış və hazırda gənc sahibkar kimi fəaliyyət göstərirlər. Biznes inkubatorların digər iştirakçıları da öz bizneslərinin təşkili üzərində çalışırlar.