Vergilər Nazirliyinin təşkilatçılığı ilə II Milli Mühasiblər Forumu keçiriləcək.
Aprelin 28-29-da Vergilər Nazirliyinin Şamaxıda yerləşən Tədris Mərkəzində mühasibat uçotu sahəsində müasir çağırışlar çərçivəsində Azərbaycan Respublikası Vergilər Nazirliyi, Azərbaycan Respublikası Auditorlar Palatası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi, İqtisadi Araşdırmalar və Tədris Mərkəzi Gənc Mühasiblər Birliyinin iştirakı ilə II Milli Mühasiblər Forumu keçiriləcək.
BBN.az Vergilər.az saytına stinadən xəbər verir ki, dövlət və özəl sektorda şəffaflığın, uçot və hesabatlılığın müasir tələblərə uyğun təşkil olunması məqsədilə keçiriləcək forumda mühasibat uçotu sahəsində dövlət tənzimlənməsi, vergi qanunvericiliyi və mühasibat uçotu, büdcə və QHT sektorunda uçot və hesabatın təşkili problemləri, kommersiya qurumlarında uçot və hesabatın problemləri, mühasibat proqramları təminatında müasir çağırışlar, təhsil və sertifikasiya, mühasibat uçotu üzrə karyera və şəxsi inkişaf imkanları mövzuları müzakirə ediləcək. Tədbir çərçivəsində, həmçinin, mühasibat uçotu sahəsində 2018-ci ilin ən yaxşı mühasibat uçotu kitabı, məqaləsi, jurnalı, təlimçisi və proqramı nominasiyaları üzrə müsabiqələr də keçiriləcək. Qalibləri mükafatlar, qiymətli hədiyyələr və sertifakatlar gözləyir.
Qeyd edək ki, ilk dəfə ötən ilin aprelində təşkil olunmuş Milli Mühasiblər Forumunun ənənəvi olaraq hər il keçirilməsi nəzərdə tutulur. Tədbirin reallaşmasında əsas məqsəd mühasibləri, bu sahədə araşdırma aparan alim və mütəxəssisləri, ictimai xadimləri və digər maraqlı tərəfləri bir araya toplayaraq aktual mövzular ətrafında müzakirələr aparmaq, innovativ fikirləri paylaşmaq, təklif və rəyləri öyrənməyə nail olmaqdır.