İİTKM-də ümumi tarazlıq modeli hazırlanır

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Ümumi İqtisadi Tarazlıq Modeli işlənilir. Bu kontekstdə Asiya İnkişaf Bankı Qazaxıstanın Astana şəhərində, Nazarbayev Universitetində Ümumi Tarazlıq Modeli (CGE) haqqında seminar təşkil edib. Seminarda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Layihələr departamentinin rəhbər əvəzi Rəşad Hüseynov və Strateji Təhlil və Planlaşdırma Meneceri Vüsalə Cəfərova iştirak edir.

Astanada keçirilən seminarda Avstraliyanın Viktoriya Universitetinin professoru Mark Horic, eləcə də Asiya İnkişaf Bankının Departament rəhbərləri Edimon Gintinq və Dipsa Vijerasna, Nazarbayev Universitetinin professoru Janna Kapsalyamova məruzələr oxuyacaq.

İİTKM-in departament rəhbərinin əvəzi Rəşad Hüseynovun sözlərinə görə, seminarda Azərbaycanda Ümumi İqtisadi Tarazlıq Modelinin inkişaf etdirilməsi üçün müzakirələr də aparılır. R.Hüseyov bildirib ki, beynəlxalq ekspertlərin Ümumi İqtisadi Tarazlıq Modelinin qurulması işinə cəlb edilməsi, modelin adekvatlığını daha da artıracaq. Seminarda Azərbaycan nümayəndələrindən başqa həm də Qazaxıstan və Qırğızıstanın dövlət orqanlarının, beyin mərkəzlərinin və akademik qurumların təmsilçiləri iştirak edirlər.

Qeyd edək ki, Asiya İnkişaf Bankının Ümumi Tarazlıq Modelinin (CGE) makroiqtisadi təhlillərdə istifadəsi və tətbiqi ilə bağlı seminarı İİTKM-də müvafiq modelin qurulmasına əlavə töhvə olacaqdır. Bu model sahələr arası qarşılıqlı əlaqələri, regional münasibətlərin səviyyəsini araşdırmağa, sosial-iqtisadi göstəriciləri hesablamağa, orta və uzunmüddətli proqnozlar verməyə imkan verir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır